Mahatma Qandinin nəticəsi Tuşar Qandi Hindistanın Britaniya müstəmləkəçiliyindən qurtulmasında mühüm rol oynayan “Hindistanı tərk et günü” tədbirində iştirak edərkən saxlanılıb.
Hafta.az-ın "Mint"ə istinadən yazdığına görə, hadisə Tuşar Qandi tədbir çərçivəsində avqustun 9-da keçirilən “Sülh marşı”nda iştirak etmək üçün Mumbaydakı Avqust Kranti Maydan parkına getmək istəyərkən baş verib. Qandi bildirib ki, 20-yə yaxın polis məmuru onun evini mühasirəyə alıb və tədbirdə iştirakına mane olub. Burada polislə mübahisə etdiyini deyən Qandi qrupların onu nəzarətə aldıqdan sonra polis bölməsinə apardığını bildirib.
Qandi bildirib ki, iki saata yaxın polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıb. 60 yaşlı Qandi deyib ki, "Hindistanı tərk et" hərəkatının üzvü olan fəal Tista Setalvad da onunla birlikdə polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Yerli mediada Qandiyə və ya fəala qarşı heç bir hüquqi tədbir görülmədiyi bildirilib.
1942-ci il avqustun 9-da ulu babası Qandi və həyat yoldaşı Kasturbanın da hüquq-mühafizə orqanlarında həbs edildiyini xatırladan fəal öz Twitter hesabında polis tərəfindən saxlanılmasından “qürur duyduğunu” yazıb.
Xatırladaq ki, Mahatma Qandi 8 avqust 1942-ci ildə İkinci Dünya Müharibəsi zamanı “Hindistanı tərk et” kimi yadda qalan çıxışında ölkəsini Britaniya İmperiyasının müstəmləkəçiliyindən qurtulmağa və müstəqillik əldə etməyə çağırıb.
Çıxışdan sonra Britaniya İmperiyası Hindistan Milli Konqresinin liderlərini həbs edib. Tarixi məlumatlara əsasən o vaxt 100 minə yaxın fəal həbs olunub və üsyanın alovlanması zamanı 1000 nəfər qətlə yetirilib. Qandinin nitqi və onun rəhbərlik etdiyi Hindistan Müstəqillik Hərəkatı ölkənin 15 avqust 1947-ci ildə müstəqillik qazanmasında mühüm rol oynayıb.